Bakı Dövlət Universiteti

Bəyənilmişlərə əlavə et
Müəllif
Qonaq

Təsvir

Bakı Dövlət Universiteti
BDU son zamanlar ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində çox önəmli rol oynayır. Cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetin 16 fakültə, 124 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. Bolonya təhsil sisteminə qoşulmuş universitetdə kompyuter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarla kompyuter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə təmin edilmişdir. Hər bir fakültənin kompyuter sinfində lokal şəbəkə yaradılmış və həmin kompyuterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin edilmişdir. Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, son illər ərzində BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin və tədris korpuslarının abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində böyük işlər görülmüşdür. BDU-da elmin və təhsilin kitabxana-informasiya xidməti ilə təminatında zəngin kitab fonduna malik Elmi Kitabxana mühüm rol oynayır. Kitabxana işinin kompyuterləşdirilməsi elmi-tədqiqat laboratoriyasının köməyi ilə respublikamızda ilk dəfə olaraq kitabxananın kompüterləşdirilməsi işinə başlanmış, elektron kataloq yaradılmış, kitab, jurnal və qəzet fondunun böyük hissəsi elektron kataloqa salınmışdır. Universitetin müasir çap maşınları və texnologiyalarla təchiz edilmiş nəşriyyatı fəaliyyət göstərir. “Bakı universiteti” nəşriyyatı dərslik, dərs vəsaitləri, proqram və metodik göstərişlərin, hətta irihəcmli monoqrafiyaların çap edilməsi sahəsində ciddi uğurlar qazanmağa başlamışdır. Bakı Dövlət Universitetinin bir çox tələbələri və əməkdaşları Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərin ön cərgələrində getmiş, Qarabağ uğrunda ağır döyüşlərdə iştirak etmiş, bəziləri canlarını vətən yolunda qurban vermiş, bir çoxları isə fiziki sağlamlıqlarını itirmişlər. Universitetin həyətində Vətən uğrunda şəhid olan oğulların xatirəsinə abidə ucaldılmışdır. Şəhidlərinin qəhrəmanlığı tələbə gənclərimizə örnəkdir. Universitetdə tələbə gənclərin vətənpərvərlik və milli dövlətçilik ruhunda tərbiyə edilməsi sahəsində ciddi iş aparılır. Gənclər təşkilatı, həmkarlar komitəsinin fəaliyyəti bu baxımdan diqqətəlayiqdir.
Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bilavasitə bağlıdır. Universitetin sonuncu tədris korpusu 1988-ci ildə istifadəyə verilmişdi. Həmin tarixdən keçən dövr ərzində açılan yeni fakültələr, kafedralar, laboratoriyalar, elmi-tədqiqat institutları və digər qurumlar, habelə tələbələrin sayının kəskin artması tədris prosesində xeyli problemlər yaratmışdı. Ona görə də yeni tədris korpusunun tikintisi barədə qərar qəbul edilmiş və onun inşasına 1991-ci ildə başlanmışdı. 1994-cü ilədək binanın yalnız bir mərtəbəsi tikilmişdi. Azərbaycan xalqının Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdiyi İlham Əliyev Bakı Dövlət Universitetinin yeni korpusunun inşası prosesi ilə yaxından maraqlanıb, yaranmış vəziyyəti dərindən öyrənərək, qəti qərarlar qəbul edib, yeni tədris korpusunun tikintisinə xüsusi qayğı göstərib. İlham Əliyevin bilavasitə göstərişi ilə tikinti işləri üçün vəsait ayrılıb və inşa işləri başa çatdırlıb. Yeni tədris korpusu 2008-ci il sentyabrın 15-də istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi və geniş nitq söyləməsi universitet kollektivinin həyatında əlamətdar hadisəyə çevrildi. Prezident İlham Əliyev nitqində universitetin ölkəmizin elm və təhsilində oynadığı rola xüsusi diqqət çəkdi, professor-müəllim heyətinin əməyini yüksək qiymətləndirdi, dövlətin universitetə göstərdiyi xüsusi qayğını vurğuladı, qarşıda duran vəzifələrdən danışdı, böyük strateji niyyətləri, xüsusən təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasını, xarici ölkələrlə əlaqələrin genişləndirilməsini, yeni təcrübənin öyrənilməsi və tətbiq edilməsini, qabaqcıl universitetlərə azərbaycanlı gənclərin təhsil almaq üçün göndərilməsini qarşıya məqsəd qoydu. Prezident İlham Əliyevin nitqi universitet kollektivi tərəfindən yüksək ruh yüksəkliyi ilə qarşılandı, daha yaxşı işləməyə və təhsil almağa stimul verdi. Azərbaycan hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirir. 24 aprel 2009-cu ildə imzaladığı sərəncamla universitetin 90 illik yubileyinin respublika miqyasında geniş şəkildə qeyd olunması, 30 oktyabr 2009-cu il tarixi sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminə müxtəlif fəxri adlar, mükafatlar, fərdi təqaüdlər verməsi və yubiley tədbirinə qatılması müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir.
2013-cü il sentyabrın 18-i Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Bakı Dövlət Universitetinin Qubadakı Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasiminə qatılması universitet tarixinin ən şərəfli səhifələrindəndir. Bakı Dövlət Universiteti Azərbaycan ali məktəblərinin flaqmanı, dövlətçiliyin barometridir. Bu gün ölkədə aparılan təhsil islahatlarının önündə gedən Universitet kollektivi Avropaya surətlə inteqrasiya edən ölkəmizin gələcəyini təmin edən yüksək ixtisaslı kadrların hazırlanması üçün əlindən gələn hər şeyi edir.
Universitet kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 332
Baxışların sayı: 116
Əlavə edilib: 01.09.20 19:06:20
Yenilənib: 01.09.20 19:06:20
Vaxtı bitir: 01.09.21 19:06:20
Kateqoriya: Ali məktəblər

Şərhlər

comments powered by Disqus